| Martın 31-i bizə Azərbaycan tarix siyasətində unudulmaz üç günü xatırlatıyor.
Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 Mart ikinci günlərdən idi. Bu gün tarixin qeyd edə bildiyi “Aşura”, “Varfolomey gecəsi” kimi xainanə bir surətdə hazırlanmış siyasi faciələrdən birisi idi.
Bizə deyə bilərlər ki, hərbi-ümumi səfahəti (səhifələri) arasında mart hadiseyi-əliməsini dəfələrlə ötən əsəfli (təəssüf ediləcək) hadisələr vaqe olmuşdur. Bunun üçün dəxi mart günlərində Bakı soqaqlarında icra olunan məzalim və qitali Ərəbistanın qızğın çöllərində və yaxud Firəngistanın inqilabla qaynar şəhərlərində hadisə olan uzaq misalları ilə müqayisə etməyə nə hacət!
Əvət doğrudur, doğrudur ki, Belçikada, Serbiyada, Türkiyədə, Acarıstanda, nəhayət Qars, Muş, Van və sair yerlərdə, hətta hərbi-ümumidən rəsmən xaricdə qalan İranda, Urmi, Səlmas və Xoyda şəklən Bakı hadisəsinə bənzər və bəlkə də bundan daha fəci hadisələr vaqe olmuşdur.
Bunlar doğrudur.
Biz Bakıdakı mart hadisələrini yada salarkən o günlərdə icra olunan vəhşətə, zülmə, yaxılan xanimanlara, parçalanıb da divarlara mıxlanan yavrulara, hətk olunan (parçalanan), irz və namuslara dəxi ətfi-nəzər ediyor - insanın bir anda dönüb canavardan da bədtər hala düşmək ləyaqətindən dəxi olduğunu böyük bir hissi-infial (xəcalətçəkmə) və şərməndəlikdə görüyoruz.
Fəqət mart günlərinin əsl faciəsi təkcə bu cəhətdən deyildir. Martda söylədiklərimizdən və söyləmədiklərimizdən daha böyük, daha şəni (çirkin), daha mərdud (hüquqa zidd), daha iyrənc bir hadisə vaqe olmuşdu. İctimai bir inqilab namı və pərdəsilə ortaya çıxıb milli bir ədavət icra edilmişdi. Burjuaziyaya elani-hərb edilib əmələ (fəhlə) və kasıbı qırılmışdı.
“Müsavat”a xitabən elani-hərb edilib, nəticədə sosialist, bolşevik və müsavat - heç birisinə fərq qoyulmadan kəsilmək və atılmaq üçün müsəlman olmaq kafi gəlmişdi. Bu nöqteyi-nəzərdən Şaumyanların Bakıda çıxartdıqları hadisə Leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə qətiyyən bənzəməzdi. Orada sinfi bir hərb, burada isə sinfi hərb namı altında milli bir qəttal, bir qətliam icra olunurdu. Bu intiqam hər növ qonşuluq, inqilabdaşlıq, vətəndaşlıq hissini korlatıyor, yan-yana sülh və müsalimət ilə yaşayan millətləri sənələrlə bir-birindən ayırıyordu.
***
Bolşeviklər - “sizə muxtariyyət deyil, xarabalar verəcəyiz”, - deyirlərdi, müttəfiqləri daşnaklar da indi izah ediyorlar ki, Bakını sahiblərinin əlindən çıxarmaları ilə onlar erməniliyi mühafizə ediyormuşlar.
Həqiqətdir ki, martın 18-dən 21-nə qədər (köhnə təqvimlə) Bakı türk demokratiyasının qafasında partladılan toplar, müsəlmanların haqqında rəva görülən məzalim Azərbaycan fikrini daşıyan, müxalifət və istiqlal əqidəsi ilə pərvərdə olan vücudları məhv etmək üçün idi. Fikir öldürülmək istənilirdi. Millət kəsilirdi.
Fəqət kəndiləri (özləri) “inqilabçı” ikən, inqilabın böyük düsturunu unudurlardı: Məşəli-əfkari-əhraranə sönməz xunilə! (Azadlıq fikrinin məşəli qanla sönməz!)
Martda tökülən qanlar türklərdəki milliyyət və hürriyyət fikrini, Azərbaycan atəşi-müqəddəsini söndürə bilmədi! Bakı küçələrində tökülən nahaq qanlar bir “pisuz”, yaxılan “İsmailiyyə” isə bir “iplik” işini görərək ürəklərdə söndürülmək istənilən hürriyyət məşəlini daha ziyadə tutuşdurdu.
Onlar içində boğdurulmaq istənilən Azərbaycan fikri bu kərə müstəqil bir hökumət şəkli ilə təcəlli etdi! Bakı bir qan və bir fitnə ocağı deyil, paytaxtımız oldu!
Bu gün mart hadisələri kimi böyük bir riyazət nəticəsində kəndi haqqını istirdad etmiş (geri almış) olan paytaxtımızda 31 mart şühədasının ruhi-məzlumuna fatihələr oxuyarkən bir şeyi xatırlatmaq istərəm. Mart hadisəsindəki müvəffəqiyyətsizliyin ən böyük səbəbi, bunu artıq hər kəs təsdiq ediyor ki, cəmaətimizin başsızlığı, o vaxta qədər bildiyi camaat xadimlərinə və siyasi firqə rəislərinə deyil, qeyri-məsul adamlara, ağlından ziyadə hissiyyatına tabe şəxslərə uyduğu olmuşdur. Lə əlhəmd (şükürlər olsun), bu gün o vəziyyətdə deyiliz. Millətin müqəddəratından məsul hökumətə, parlamana malikiz.
Hökumət və parlamanımızın bütün nöqsanı ilə bərabər, bir məziyyəti var ki, böhranlı və məsuliyyətli dəqiqələrdə millətə başçılıq edər, onu hər hissiyyata qapılmış yol ötən “mücahid”lərin şərindən saxlaya bilər.
Bunun üçün lazımdır ki, biz bütün hərəkatımızda etidaldan (mötədillikdən) uzaqlaşmayıb sükun və intizamı pozmayaq. Tətil heyəti bizi bu gün matəmə dəvət ediyor. Bu dəvətə icabət edərək bütün həyatı durduraraq mart şühədasının ruhi-məzlumu qarşısında diz çökəlim, çökəlim də deyəlim ki:
- Siz məzlum oldunuz, biz sizin məzlumiyyətinizi təlafi etdirmək (əvəzini çıxmaq) üçün qanınız bahasına aldığımız hürriyyət və istiqlalı bərk saxlayacağız!
"Azərbaycan", 31 Mart 1919
Varfolomey gecəsi - 1572-ci il avqustun 24-nə keçən gecə müqəddəs Varfolomey bayramı günü Fransa kralı və katolik ruhanilər hugenotların kütləvi qırğınına başlamışdılar. 3 gündə Parisdə neçə min nəfər öldürülmüş, sonra bütün Fransada hugenotları qırmağa başlamışdılar. Bu hadisə tarixə qətliam, genosid günləri kimi daxil olub.
|