Məhəmməd Əmin Rəsulzadə (1884 Bakı - )
 
Məhəmməd Əmin Rəsulzadə
(1884 Bakı - 1955 Ankara)



Azərbaycan Istiqlal Hərəkatının ideoloqu,
Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlalını elan edən Milli Şuranın Sədri

Kitablar Məqalələr Nitqlər/Xitablar

Məhəmməd Əmin Rəsulzadə
haqqında yazılanlar
ADR-nın Qızıl Ordu Tərəfindən İstilaya Uğramasının 
32-ci ildönümü Münasibəti ilə 1952-ci ildə yayımlanan xitabı.


Məhəmməd Əmin Rəsulzadə (1884 - ...)

Bu bloq səhifə dövrü mətbuatda gedən məqalələr videolar və kitablar haqqında məlumatları əhatə edir.

Bu gün Bakıda və Azərbaycanın hər bir tərəfində Sovet Hökumətinin və Bolşevik Partiyasının yapdırdıqları bütün yığıncaq və mərasim yerlərində Sovet Azərbaycanının istiqlal yubileyindən bəhs edilir (1).

Azərbaycan xalqı guya ki, əsl bu gün öz müqəddəratını əlinə almış, həqiqi bir xalq idarəsi qurmuş, istiqlalına gerçəkdən bu gün sahib olmuş imiş. Xalq idarəsi, xalq üçün, xalq tərəfindən qurulan bir idarənin adıdır. 32 ildir Azərbaycanda davam edən idarə isə xalqa hökm edən bir zülm və istibdad idarəsidir. Sözü, yazını və nəşriyyatı manapol altına alan bolşeviklər tarixi təhrif edirlər: deyirlər ki, bundan 32 il əvvəl Aprelin 28-də Azərbaycan fəhlələri ilə kəndçiləri üsyan etmiş, bəylərin, xanların, ağaların hökumətini yıxmış, yerinə Sovet hökumətini vücuda gətirmişlərdir. Bu üsyanın başında duran "İnqilab Komitəsi" isə Rusiya Sovet hökumətinə müraciətlə özünə kömək istəmiş, o da qızıl ordunu Azərbaycana göndərmişdir.

Halbuki həqiqət tamamilə bunun əksinədir: Ayın 27-sində Qızıl ordu üstün qüvvətlərlə Azərbaycan sərhəddini keçmiş, göstərilən müqavimətləri qırmış və Bakını zorla tutmuşdur. Bundan sonra özü ilə gətirdiyi "Azərbaycan inqilab komitəsi"nin adından guya "üsyan etmiş Azərbaycan fəhlə və kəndçilərinə" köməyə gəlməsini özü xahiş etmişdir. Bolşeviklərin 31 ildən bəri hər il 28 Apreldə təntənə ilə bayram etdikləri hadisə bu hadisədir. İstila hadisəsinə onlar istiqlal deyirlər. Burada bir xalq hökuməti deyil, xalqı əzən bir diktatorluq quruldu; buna "fəhlə diktatorluğu" dedilər, amma yalan: bu fəhləni də əzən bir diktatordur. Bu, Azərbaycan Xalqının 34 il əvvəl 28 Mayıs 1918 də başından atdığı yabançı istilasının yenidən daha qorxulu şəkildə geri dönməsindən başqa bir şey deyildir. Azərbaycanlılar! Sizi bu gün azadlığınızdan etdilər; söz, yazı və yığıncaq həddini əlinizdən aldılar. Azadlıq, burjua boşboğazlığıdır dedilər. Bəylərdən torpaqları, sahiblərindən fabrikaları aldılar. Bir qisminizi kolxozlara, bir qisminizi də fabrikalara zəncirlədilər. Sözdə kapitalizmi qaldırdılar amma, işdə dövlət kapitalizminin əsirləri oldunuz. Bir dilim çörək üçün briqadirlərin qamçıları altın-da canınız çıxasıya çalışdırıldınız; fəhlə olanlarınız fabrikalara bağlı qullar halına düşdünüz. Komissarların və partiya böyüklərinin gözəl yaşayışları ilə zəhmətkeş xalqın halını bir tutuşdurunuz. Bu idimi sizə vəd edilən bərabərlik? Dəmirpərdə ilə xarici aləmdən ayrılmış bir vəziyyətdə olan sizləri bolşeviklər min cürə yalan və palanlarla idarə edirlər: bütün dünya əsir ikən siz azadmışsınız; bütün dünya aciken siz toxmuşsunuz; hər tərəfdə müsavatsızlıq və hərc-mərc variykən Sovet Azərbaycanında nizam və intizam varmış. Sovet Azərbaycanı Cümhuriyyəti bütün dünyaya və ələxüsus Şərqə nümunə bir Cümhuriyyət imiş! Bu nümunə Cümhuriyyətdə kultura inkişaf edirmiş: "formaca milli, məzmunca sosialist" proletariat kulturasından sizə çox bəhs edirlər: formaca milli olacaq yazımız on beş ildir rus hərfləri ilə yazılır, yalnız hərflər deyil istilahlar da ruslaşdırıldı. İslami və Avropalı istilahlar işlətmək indi yasaqdır. Kommunizmin müqəddəs dili Ruscanın istilahlarını işlətmək məcburidir. Formanın ruslaşdırılmasından sonra sıra məzmuna gəldi. İndi sosialist olacaq məna da ruslaşdırılır. Tarixdə ideallaşdırılacaq qiymətlərdən insan azadlığını və milli istiqlal hadisələrini deyil, Rus imperializmini təmizə çıxaracaq misallar verilməliymiş. Bütün dünyada milli istiqlal qəhrəmanı deyə tanınan Şeyx Şamil dünən alqışlanan bir sima ikən, bu gün mənfi bir tip olur. Azərbaycan xalqının, şücaət, cəsarət, fədakarlıq, igidlik və vətənpərəstlik hisslərini qıcıqlayan "Dədə Qorqud" hekayəsi dünən faydalı bir əsərdi, bu gün zərərli görünür. Çünki indi Sovet imperializmi çarların getdiyi böyük rusluq yoluna düşmüşdür.

Böyük şairlərimiz, ədib və yazıçılarımız əksinqilabçı deyə meydandan qaldırıldılar. Millətin şanlı keçmişiylə az çox əlaqəsi olan əsərlər kitabxanalardan yığışdırıldı. Sadə milli Azərbaycan dövrünün və Türk Mədəniyyət Tarixinin həqiqi müəssəsələri deyil, Azərbaycanın sovetləşdirilməsində tarixi rol oynamış adamların adları belə çəkilməz oldu. Doktor Nəriman Nərimanov 27-28 Aprel hadisəsinin qəhrəmanı idi. O, Azərbaycan inqilab Komitəsinin rəisi sifəti ilə, Qızıl ordunun süngüləri arasında iş başına gəlmişdi. İsminin Sovet istilasını pərdələnməsinə razı olmuşdu. Azərbaycandan Moskvaya yollanan gəmilər və vaqonlar dolusu qarət və qənimət mallarını o, yoldaş Leninə hədiyyə deyə sadiqanə nitqləri ilə yola salmışdı. Bütün bunlara baxmayaraq, bir az sonra, onu suyu sıxılmış limon kimi atdılar, milli əyintiçiliklə töhmətləndirib Moskvaya sürdülər. Ömrünü orada bitirdi.

Başqa bir çox komissarlar da eyni aqibətə düçar oldular. Məsələn: Azərbaycanın sovetləşdirilməsində, birinci gündən etibarən, milliyyətçilik ilə Panturanizmə qarşı amansız surətdə mücadilə edən və Karl Marksın Kapitalının Azərbaycan Türkcəsinə tərcümə edilməsi münasibəti ilə "Türkcənin şərəfləndiyindən" bəhs edən Ruhulla Axundov, Panturanizmin zəhərli bir nümayəndəsi və milliyyətçi Müsavat partiyasının zavallı bir agenti deyə günahlandırıldı. Sovet dərs kitablarında Panturanizm ilə Panislamizmin "qaçaq fikirlərini" böyük bir diqqətlə arıtlamağı özünə müqəddəs vəzifə sayan və bir çox vətəndaşlarının qanına girən Əli Heydər Qarayev,

Sonra millətlər arası faşizmin nacins bir nökəri deyə ifşa edildi. Milli Azərbaycan Hökuməti əleyhində konspiraisyonu ilə məşhur olan 1921-də Gəncə üsyanını basdırmağa məmur olan baş komissar Həmid Sultanov İnqilab Məhkəməsinin qərarı ilə, Azərbaycanı Sovetlər Birliyindən ayırmaq istəyən silahlı bir üsyan qüvvətinin başında durmaq töhməti ilə ölüm cəzasına məhkum oldu. Bu cürə misallar söylənməklə bitməz!..

Xalq üçün, qətiyyən deyil, ancaq qızıl Moskva ağaları üçün idarə olunan Sovet Azərbaycanında xalqa azacıq yaxınlıq göstərən insanlar Stalinin dövründə bir xalq düşmənidir. Vaxtilə Sovet rejiminə böyük yararlıqlar göstərən bir çox yerli kommunistlərə "xalq düşməni" damğasını vuraraq hamısını silib süpürdülər. O qədər ki, bu gün münasibəti ilə nəşr olunan Sovet qəzetələrində, yubleyi yapılan Aprel inqilabı qəhrəmanlarının elan olunan siyahısında yerli tək bir ada rastlana bilməz. Azərbaycandakı Sovet inqilabının yeganə qəhrəmanı Qızıl ordunun komandanı Stalindir!.. 32 ildən bəri üstünüzə qanlı kabus kimi çökən rejim, milli qəhrəmanı olmayan, Xalqın içindən çıxmış rəhbərdən məhrum olan bir rejimdir. Yabançı və yalançı bir rejim!.. Bu sürgünlərin, həbslərin, ölüm lagerlerinin və ardı - arası kəsilməyən qanlı təmizləmələrin, Allahı tanımayan, dinsiz, imansız, zalım N. K. V. D. -çilərin rejimidir. Belə bir rejimin hakim olduğu bir yerdə, azadlıq dünyasından gələn bir səsi eşitmək əlbəttə qolay deyildir. Bu çətinliyi bildiyimiz halda səsimizi məzlum Azərbaycan xalqına duyurmaq məqsədilə bu günkü qanlı Aprel istilası matəmini yaşayanlara deyirik ki: bolşeviklər, Azərbaycanda bütün Şərqə nümunə bir dövlət qurduqlarını söyləyirlər. Sözlərində səmimi olub dediklerinə həqiqətən inansaydılar, dəmir pərdəni qaldırar, Cümhuriyyətin qapılarını açar, sizləri azad dünya ilə əlaqə və münasibətə gətirərlərdi. Fəqət bunu edə bilməzlər, çünki, o zaman yalanları üzə çıxar: qaraya ağ, zülmə ədalət, yoxsulluğa varlıq, əsirliyə azadlıq, istilaya istiqlal dedikləri aşikar olar!.. Onlar, bu cəsarəti göstərə bilməz, inadlarında davam edərlər. Fəqət, bu inad onları qurtara bilməz: həqq ilə batilin, doğru ilə yalanın dünya ölçüsündə gedən mücadiləsində Nihai qələbə həqqin və doğrunundur.

Bu zəfər günəşi əlbəttə ki, bir gün Azərbaycanda da parıldayacaqdır!..

"Qafqasya" dərgisi 15-ci sayı, 1952-ci il